Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın bank sektorunda fəaliyyətini ABB DAVR brendi altında davam etdirəcək.
GDP xəbər verir ki, Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-yə ölkədə ABB DAVR brendi ilə fəaliyyət göstərmək üçün lisenziya verib.
Bankın məlumatına görə, rebrendinq Davr Bankın ABB Maliyyə Qrupuna inteqrasiyası çərçivəsində həyata keçirilir. Bu prosesə uyğun olaraq bankın filiallarının, rəsmi internet səhifəsinin və digər xidmət kanallarının korporativ görkəmi mərhələli şəkildə yenilənəcək.
ABB DAVR-ın Müşahidə Şurasına yeni sədr seçilib
Bankın Müşahidə Şurasının yeni tərkibdə ilk iclası da keçirilib. İclasda ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş strategiya inzibatçısı Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib.
Xatırladaq ki, oktyabrın 9-da keçirilmiş Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Müşahidə Şurasının tərkibinə Taleh Tahirli, Aqşin Əmirov, həmçinin müstəqil üzvlər Şəfəq Həsənova, Farhad Roziyev və Said Abdunabiev daxil edilib.
Müşahidə Şurası bankın idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə beş komitənin yaradılmasını və onların tərkibini təsdiqləyib. Bunlar audit, risklərin idarə edilməsi, kadrlar və mükafatlandırma, strateji planlaşdırma, eləcə də informasiya texnologiyaları üzrə komitələrdir.
Əsas hədəf kiçik və orta biznesin maliyyələşdirilməsidir
ABB DAVR-ın Müşahidə Şurasının sədri Taleh Tahirli bildirib ki, bankın əsas prioriteti Özbəkistanda sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına dəstək verməkdir.
Onun sözlərinə görə, ABB Maliyyə Qrupunun imkanlarından istifadə etməklə biznes subyektlərinin maliyyələşməyə çıxışı genişləndiriləcək, hesablaşma və rəqəmsal bank xidmətləri inkişaf etdiriləcək.
T.Tahirli qeyd edib ki, bank yerli mütəxəssislərin və rəhbər kadrların inkişafına, kadr ehtiyatının formalaşdırılmasına və komandanın fəaliyyət səmərəliliyinin artırılmasına da xüsusi diqqət yetirəcək.
ABB DAVR-ın aktivləri 2 milyard manatı ötür
Hazırda ABB DAVR Özbəkistanda 2 milyondan çox müştəriyə xidmət göstərir. Bankın 1 800-dən artıq əməkdaşı, paytaxt və regionlarda ümumilikdə 43 filial və xidmət mərkəzi fəaliyyət göstərir.
Bankın aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. ABB DAVR xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində fəal mövqeyə malikdir.
Bildirilib ki, rebrendinq və inteqrasiya prosesinə baxmayaraq, bank müştərilərinə adi iş rejimində xidmət göstərməyə davam edir.

