Azərbaycan Mərkəzi Bankı innovativ maliyyə məhsullarının sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejiminin (Sandbox) ikinci dövrünə müraciətlərin qəbuluna başlayır.
GDP Mərkəzi Bankın bu barədə yayımladığı məlumata istinadən xəbər verir ki,müraciətlər 15 dekabr 2024-cü il tarixindən 15 yanvar 2025-ci il tarixinədək qəbul ediləcək.
İnnovativ maliyyə məhsulları təklif edən şirkətlər müəyyən edilmiş meyarlara uyğun gəldikləri təqdirdə, Mərkəzi Bank ilə bağlanacaq müqavilə əsasında məhdud çərçivədə sınaqlarda iştirak etmək imkanı əldə edəcəklər.
Maraqlanan tərəflər müraciətlərini sandbox.cbar.az internet səhifəsi vasitəsilə və ya yazılı formada təqdim edə bilərlər. Sənədlər “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində göstərilən tələblərə uyğun olmalıdır.
Əlavə məlumat almaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, “Sandbox” rejimi innovativ maliyyə həllərinin təhlükəsiz mühitdə sınaqdan keçirilməsinə və maliyyə texnologiyaları sahəsində yeniliklərin tətbiqinə şərait yaradır.