SOCAR-ın rəhbəri Rövşən Nəcəf davamlı inkişaf və qlobal iqlim məqsədlərinə töhfə vermək istiqamətində şirkətin strateji planlarını açıqlayıb.
GDP xəbər verir ki, o, bu gün COP29 çərçivəsində baş tutan tədbirdə SOCAR-ın sıfır emissiya hədəfi ilə bağlı davam edən səylərini bir daha vurğulayıb.
Nəcəf qeyd edib ki, keçən il keçirilən COP28-də SOCAR 2050-ci ilə qədər sıfır karbon izi olan beynəlxalq enerji şirkətinə çevrilmək məqsədini açıqlayıb. Bu strateji baxışın bir hissəsi olaraq şirkət OJTC-nin həmtəsisçi üzvü kimi tərəfdaşları ilə birlikdə iddialı dekarbonizasiya məqsədlərini həyata keçirməkdədir.
SOCAR-ın dekarbonizasiya istiqamətində əsas addımlarından biri SOCAR Green-in yaradılması olub. Bu yeni struktur bərpa olunan enerji layihələrinin inkişafı, karbonun saxlanılması və istifadəsi texnologiyaları, enerji səmərəliliyi və yaşıl hidrogen təşəbbüslərinin həyata keçirilməsinə yönəlib. Nəcəf bildirib ki, “SOCAR Yaşıl Hidrogen Təşəbbüsü – Cargrin” enerji portfelini şaxələndirmək və regionların təmiz enerji məqsədlərinə dəstək olmaq üçün mühüm transformasiya layihəsidir.
Rövşən Nəcəf şirkətin bu məqsədlərə çatacağına əminliyini ifadə edib:
“Bu yolda hökumətin və tərəfdaşlarımızın dəstəyi sayəsində məqsədlərimizə çatacağımıza inanırıq. Biz tərəfdaşlıq və əməkdaşlıqla bu çağırışların öhdəsindən gələcəyik.”
Şirkətin rəhbəri həmçinin qeyd edib ki, dekarbonizasiyanın dəyəri və mövcud texnologiyalarla çətinliklər olsa da, SOCAR elm və innovasiyaya inanır. O əlavə edib ki, şirkət tərəfdaşları ilə texnologiya və bilik paylaşımı vasitəsilə bu problemləri həll etməyi hədəfləyir.
Sonda Nəcəf SOCAR-ın sıfır emissiya hədəflərinə sadiqliyini bir daha təsdiqləyib və 2050-ci ilədək bu məqsədə çatmaq üçün güclü tərəfdaşlıqlara güvəndiyini vurğulayıb.