Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri istehlakçılarını saxta sənəd və lisenziyalarla bağlı xəbərdar edib. Bank rəhbərliyinin adından hazırlanmış saxta sənədlərdən istifadə edilərək vətəndaşlara yanlış məlumatların verilməsi halları aşkarlanıb.
GDP-nin məlumatına görə, AMB bildirir ki, lisenziyalı maliyyə xidmətləri göstərən qurumlar haqqında rəsmi məlumatlar yalnız Bankın www.cbar.az saytında “Bazar iştirakçıları” bölməsində yerləşdirilir və mütəmadi olaraq yenilənir.
Vətəndaşlara hər hansı maliyyə xidmətindən istifadə etməzdən əvvəl həmin qurumun lisenziyasının mövcudluğunu Mərkəzi Bankın rəsmi internet səhifəsindən yoxlamaq tövsiyə olunur.
Şübhəli hallarla qarşılaşdıqda və ya əlavə məlumat almaq üçün Mərkəzi Bankın 966 nömrəli Qaynar xəttinə müraciət etmək mümkündür.