Hesablama Palatası 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə dair rəyində “Büdcə zərfi”nin tərkibindəki makroiqtisadi göstəricilərlə bağlı bir sıra çatışmazlıqları aşkarlayıb.
Palatanın rəyində bildirilir ki, əvvəlki illərlə müqayisədə bəzi makroiqtisadi göstəricilərin proqnozları azaldılıb. Bundan əlavə, 2024-cü il üzrə gözlənilən göstəricilərin əksəriyyəti barədə məlumatların təqdim edilməməsi makrofiskal təhlilin aparılmasını və 2024-2025-ci illər üzrə müqayisəli təhlili çətinləşdirib.
Sənəddə həmçinin ÜDM-də dövlət və qeyri-dövlət sektorunun payı, eləcə də əhaliyə göstərilən pullu xidmətlər barədə məlumatların əks olunmadığı qeyd edilib. Eyni zamanda, əsas kapitala investisiyalar, əməkhaqqı və məşğulluq göstəriciləri, həmçinin tədiyə balansı üzrə məlumatlar əvvəlki illərdə olduğu kimi məhdud şəkildə təqdim olunub.
Bu məhdudiyyətlər büdcə sənədlərinin hərtərəfli təhlilini çətinləşdirən amillər kimi dəyərləndirilir.