Donald Tramp bildirib ki, Amerika Birləşmiş Ştatları Panama Kanalının yenidən öz nəzarətinə qaytarılmasını tələb edə bilər. O, kanalın istifadəsi üçün yüksək tarifləri tənqid edib və 1999-cu ildə idarəetmənin təhvil verilməsinin ABŞ-ın digər ölkələrə güzəşt deyil, “əməkdaşlıq jesti” olduğunu vurğulayıb.
Truth Social sosial şəbəkəsindəki paylaşımında Donald Tramp qeyd edib ki, Panama Kanalı ABŞ-ın iqtisadi sabitliyini və təhlükəsizliyini təmin edən strateji əhəmiyyətli aktivdir. Kanal vasitəsilə daşınan ümumi yüklərin təxminən dörddə üçü ABŞ-a aiddir.
“Əgər kanalın Panamaya təhvil verilməsinin əsasını təşkil edən mənəvi və hüquqi prinsiplərə əməl olunmasa, biz onun tamamilə geri qaytarılmasında israr edəcəyik”, – Tramp bildirib.
Kanal ABŞ tərəfindən inşa edilərək 1914-cü ildə istismara verilib. Dəniz yoluna nəzarət 31 dekabr 1999-cu ilə qədər ABŞ hakimiyyəti tərəfindən həyata keçirilib, daha sonra o, Panama hökumətinə təhvil verilib.