Dekabrın 25-də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən media nümayəndələri üçün yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə birgünlük təlim təşkil edilib.
Təlim çərçivəsində iştirakçılara Azərbaycanda əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi haqqında ətraflı məlumat verilib. Tədbirdə jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Təlim zamanı açıqlanan məlumata görə, ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 minə yaxın ailə mənzil şəraitini yaxşılaşdırıb. Bu ailələrin 70 faizdən çoxunu gənclər təşkil edir.
Media nümayəndələrinə həmçinin Fondun sahibkarlığa dəstək alətləri barədə də məlumat təqdim edilib. Qeyd olunub ki, indiyədək Fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib və bu kreditlər hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
Tədbirin sonunda iştirakçı media nümayəndələrinə sertifikatlar təqdim edilib.