Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında milli valyutanın məzənnəsini formalaşdıran amilləri açıqlayıb.
Kazımovun sözlərinə görə, manatın məzənnəsi yalnız tədiyyə balansından deyil, üç əsas amildən asılıdır: tədiyyə balansı, fiskal büdcə siyasəti və bazar gözləntiləri.
“Tədiyyə balansı, xüsusilə cari əməliyyatlar balansı manatın məzənnəsinə birbaşa təsir göstərir. Sadə dillə desək, tədiyyə balansı profisitdə olanda ölkəyə valyuta daxil olur, defisitdə olanda isə ölkədən valyuta çıxır,” – deyə AMB sədri qeyd edib.
Taleh Kazımov vurğulayıb ki, fiskal siyasət, yəni büdcə gəlir və xərclərinin idarə edilməsi də valyuta bazarında tələb-təklifi formalaşdıran mühüm amillərdən biridir.
Mərkəzi Bankın başçısı həmçinin üçüncü amil kimi gözləntilərin rolunu xüsusi qeyd edib: “Əhali və investorların gözləntiləri valyuta bazarına və məzənnəyə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.”
AMB sədrinin açıqlaması ölkədə valyuta məzənnəsi sabitliyini təmin etmək üçün Mərkəzi Bankın kompleks yanaşma tətbiq etdiyini göstərir.