Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirdiyinə görə, AMB kreditləşmənin davam etdirilməsi üçün tələb olunan vəsaitin bankların öz marjalarından istifadə edərək təmin edilməsini gözləyir. Sədr bankların hazırda 6-8% arasında çox yüksək marjalarla işlədiyini qeyd edib.
“Mən bankirlərə ədalət naminə harada səhvdirlərsə, ‘səhvsiniz’ deyirəm, harada haqlıdırlarsa, ‘haqlısınız və sizin tərəfinizi saxlayacam’ deyirəm,” – Kazımov vurğulayıb. O, bankların “böyük marja şəraitində” deyil, “aşağı marja, böyük həcm” prinsipi ilə işləməyi öyrənməli olduqlarını bildirdi və bu istiqamətdə banklar ilə işlərin aparıldığını qeyd edib.
AMB sədrinin sözlərinə görə, hökumət hesablarındakı vəsaitlərin bank sektoruna buraxılması banklara vəsait axınını proqnozlaşdırmaq imkanı yaradıb. “Artıq banklar qabaqlayıcı olaraq faizlərini qaldırmırlar, çünki bilirlər ki, artıq hökumət hesablarından vəsait hərrac vasitəsilə daxil ola bilir, buna görə də öz likvidlik planlaşdırmalarını daha dəqiq edə bilirlər” – deyə Kazımov vurğulayıb.
Ən əhəmiyyətlisi, Mərkəzi Bank sədri faizlərin artacağını gözləmədiklərini açıq şəkildə bildirib. “Bizim gözləntimiz odur ki, banklar öz marjalarına daha effektiv yanaşacaqlar. Çünki düşünürük ki, hazırda marjalar kifayət qədər yüksəkdir,” – deyə Kazımov yekunlaşdırıb.