PashaPay-in baş icraçı direktoru Samir Məmmədov Bakıda keçirilən “Baku Fintech Forum 2025″də fintex sahəsinin Azərbaycan iqtisadiyyatının gələcəyindəki əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, fintexlər ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək və bu sahə rahatlıq və yenilik gətirərək yeni davranış formalarının yaranmasına səbəb olacaq.
Məmmədov, fintexlərin nağd iqtisadiyyata qalib gəlməyin ən asan yolu olduğunu bildirib: “Dünya təcrübəsi göstərir ki, texnologiya şirkətləri və fintexlər bir çox sahələrdə uğur əldə edir. Bizim də peşəkar missiyamız nağd iqtisadiyyatı nağdsız iqtisadiyyata çevirməkdir. Nağdsızlaşdırma ilə maliyyə inkluzivliyini təmin edərək, daha rahat və daha təhlükəsiz həllər təqdim etməyi hədəfləyirik.”
Fintexlərin maliyyə sisteminin müasir tələblərinə uyğunlaşmasına kömək etdiyini vurğulayan Məmmədov, Azərbaycan iqtisadiyyatının gələcəyinin bu sahə ilə sıx əlaqəli olduğunu qeyd edib.