Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq bank sektorunun əsas prioritetləri olaraq qalır.
GDP xəbər verir ki, Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xəlilov, maliyyə xidmətlərinin sürətlə rəqəmsallaşması ilə əlaqədar kibertəhlükəsizliyin gücləndirilməsinin aktual olduğunu vurğulayıb.
Mərkəzi Bankın maliyyə sabitliyi mandatına uyğun olaraq əsas diqqətin bank sektorunun təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin edən tənzimləmə çərçivələrinin təkmilləşdirilməsinə, risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsinə, həmçinin rəqəmsal əməliyyatların davamlılığı və kibertəhlükəsizlik üzrə standartların yenilənməsinə yönəldiyini bildirən sədrin müavini dedi: “Bu istiqamətlər həm strateji sənədlərimizdə, həm də gündəlik nəzarət və monitorinq fəaliyyətlərimizdə öz əksini tapır və sektorun bütövlükdə sabitliyinin təmin olunmasına xidmət edir.”
Xəlilov açıqladı ki, hazırda İT İdarəetmə, Data İdarəetməsi və Süni İntellekt İdarəetməsi çərçivələrinin hazırlanması üzrə işlər aparılır və bu istiqamətdə hazırlanan layihə sənədləri yaxın zamanda maliyyə sektoruna təqdim olunacaq.
Eyni zamanda, məsafədən hesab açılması qaydaları üzrə işlərin də davam etdiyini bildirən Vüsal Xəlilov, müvafiq tənzimləmə çərçivəsinin hazırlanması üzrə işlərin tezliklə yekunlaşdırılacağını ifadə etdi.

