Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) valyuta bazarında sabit vəziyyətin qorunduğunu açıqlayıb. GDP xəbər verir ki, məlumatına görə, cari ildə valyuta bazarında təklif tələbi üstələyib, bu da məzənnənin davamlılığını təmin edən əsas amillərdən biri olub.
Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 milyon ABŞ dolları üstələyib. Bu göstərici valyuta təklifinin kifayət qədər olmasını əks etdirir.
Valyuta bazarlarına inamsızlığın əsas göstəricilərindən biri hesab edilən əmanətlərin dollarlaşma səviyyəsi də azalmaqdadır. Rezident fiziki şəxslərin bank əmanətlərində dollarlaşma səviyyəsi son 12 ayda 2,1 faiz bəndi azalaraq noyabr ayında 29% səviyyəsinə enib. Bu istehlakçıların məzənnə ilə bağlı gözləntilərinin nikbin olmasını göstərir.
Sözügedən amillər fonunda Mərkəzi Bankın valyuta ehtiyatları artmağa davam edir. 2025-ci ilin ilk 11 ayında AMB-nin valyuta ehtiyatları 4,3% artaraq 11,4 milyard ABŞ dolları səviyyəsinə çatıb.

