Azərbaycan Mərkəzi Bankı ilə Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
GDP xəbər verir ki, Memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasını nəzərdə tutur və kapital bazarı, sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsinə xidmət edir.
Sənəd çərçivəsində tərəflər arasında təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, maliyyə inklüzivliyinin artırılması və əməliyyat səmərəliliyinin yüksəldilməsi məqsədilə innovativ maliyyə texnologiyalarının inkişafının təşviqi də əsas istiqamətlər sırasında yer alır.
İmzalanan Anlaşma Memorandumu iki ölkə arasında maliyyə sektorunda institusional əməkdaşlığın dərinləşdirilməsinə və regional maliyyə mühitinin inkişafına töhfə verməsi baxımından əhəmiyyətli hesab olunur.

