Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara yeni limitlər ayırır.
GDP xəbər verir ki, ayrılan limitlər çərçivəsində həm adi, həm də güzəştli ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur. Fondun məlumatına görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 5 mart 2026-cı il tarixində saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə isə 6 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən başlanacaq. Müraciətlər “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə (www.e-gov.az) elektron imza alətləri – SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal və Asan İmza vasitəsilə həyata keçiriləcək. Bununla əlaqədar olaraq vətəndaşlara 4 mart 2026-cı il tarixinədək elektron kabinetlərini formalaşdırmaları tövsiyə edilir.
Qeyd olunur ki, ipoteka kreditinin alınması üçün müraciət qaydalarına dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində, həmçinin “Elektron hökumət” portalı və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilib.

