ABŞ Mərkəzi Bankı (FED) martın 18-də keçirilən iclasda əsas faiz dərəcəsini 3.5–3.75 faiz aralığında sabit saxlamaq qərarı verib. Qərar 11-ə qarşı 1 səs çoxluğu ilə qəbul olunub.
GDP xəbər verir ki, FED sədri Cerom Pauell mətbuat konfransında bildirib ki, qlobal enerji qiymətlərində artım yaxın dövrdə inflyasiyanı yüksəldə bilər. Bunun əsas səbəblərindən biri ABŞ və İsrailin İranla müharibəsinin neft bazarlarına təsiridir. Onun sözlərinə görə, iqtisadi təsirlərin nə qədər davam edəcəyini və miqyasını dəqiq qiymətləndirmək hələ mümkün deyil.
Yeni proqnozlara görə, FED rəsmiləri bu ilin sonuna qədər faiz dərəcəsinin yalnız 0.25 faiz bəndi endiriləcəyini gözləyirlər. Bununla belə, bəzi siyasətçilər əvvəlki proqnozlarla müqayisədə daha az yumşalma ehtimalını nəzərə alır.
Mərkəzi bankın hesablamalarına əsasən, inflyasiya ilin sonunda 2.7 faiz səviyyəsində olacaq. Bu göstərici dekabrda verilən 2.4 faizlik proqnozdan yüksəkdir. Artım əsasən enerji qiymətlərinin bahalaşması və tariflərlə bağlı inflyasiya təzyiqləri ilə izah olunur. FED isə uzunmüddətli hədəf kimi 2 faiz inflyasiya səviyyəsini qoruyur.
Eyni zamanda iqtisadi artım proqnozu bir qədər artırılıb. 2026-cı il üçün ABŞ iqtisadiyyatının 2.4 faiz böyüməsi gözlənilir. İşsizlik səviyyəsinin isə 4.4 faiz civarında sabit qalacağı proqnozlaşdırılır.
FED rəhbərliyi bildirib ki, pul-kredit siyasəti gələcəkdə daxil olan iqtisadi məlumatlar, dəyişən proqnozlar və risklərin balansına uyğun olaraq tənzimlənəcək. Hazırda əksər rəsmilər faiz artımını əsas ssenari kimi görmürlər, lakin belə ehtimalın müzakirə edildiyi də qeyd olunub.
Qeyd edək ki, son həftələr qlobal neft qiymətləri 1 barel üçün 80 dollardan 108 dollara qədər yüksəlib və bu da inflyasiya ilə bağlı narahatlıqları artırıb.
Trending
- Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır
- Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib
- TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
- İranın “Fars” agentliyi hədəf siyahısını yeniləyib: İlon Maskın aktivləri da daxil edilib
- “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
- “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”
- Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu
- İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub

