Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Yelo Bankın Avropa İttifaqının 20-ci sanksiya paketinə düşməsi ilə bağlı açıqlama verib.
Bu gün keçirilən mətbuat konfransında Kazımov bildirib ki, sanksiyaların tətbiqindən artıq bir müddət keçsə də, Mərkəzi Bank “Yelo Bank”la daimi kontaktdadır və hər hansı problem görmür.
“Həm likvidlik, həm kapital adekvatlığı nöqteyi-nəzərdən bank kifayət qədər dayanıqlıdır. Bizim heç bir mənfi gözləntilərimiz yoxdur”, – deyə AMB sədri vurğulayıb.
Kazımovun sözlərinə görə, Avropa İttifaqı tərəfindən qoyulmuş sanksiyalarla bağlı ödənişlərdə hansısa çətinliklər yarana bilər. Lakin son həftələrdə bankla müvafiq ödənişlər həyata keçirilir və heç bir problemlə üzləşilməyib.
Mərkəzi Bank sədri qeyd edib ki, səbəbləri araşdırmaq üçün həm bank, həm də Mərkəzi Bank birgə və ayrı-ayrılıqda müvafiq instansiyalara müraciət edir və bu proses davam edəcək.
“Biz bunu hüquqi formata gətirmək istəyirik. Ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı öz qərarını dəyişdirəcək, çünki buna heç bir səbəb yoxdur”, – deyə Kazımov əlavə edib.
O bildirib ki, həm beynəlxalq standartlara uyğun olaraq, həm də ölkənin daxili qanunlarına əsasən Yelo Bank və digər banklarla bağlı heç bir problem müşahidə edilmir. Mərkəzi Bank bütün tədbirlərini rəsmi saytında açıqlayır.
Sanksiyaya səbəb kimi bankın Rusiya Federasiyasının SPFS (Financial Messaging System of the Bank of Russia) sisteminə qoşulması qeyd olunsa da, Kazımov bunun Ukrayna-Rusiya münaqişəsindən çox əvvəl baş verdiyini və sistemin istifadəsinin bağlandığını vurğulayıb.
“Biz həmin bankla bağlı heç bir problem görmürük”, – deyə AMB sədri yekunlaşdırıb.

