Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən maşınqayırma sahəsinə aid 42 yeni dövlət standartı təsdiq edilib.
GDP xəbər verir ki, sənədlər beynəlxalq və regional tələblərə – ISO, EN, IEC və GOST normativlərinə əsaslanır.
Yeni standartların əhatə dairəsinə maşın və avadanlıqların təhlükəsizliyi, zərərli maddələrin emissiyası, səs-küy və vibrasiyaya nəzarət, erqonomika, işıqlandırma normaları, habelə xüsusi təyinatlı nəqliyyat vasitələrinin istismarı daxildir.
AZSTAND-dan bildirilib ki, bu standartların qəbulunda əsas məqsəd texniki qurğuların və istehsalat avadanlıqlarının təhlükəsizliyini təmin etmək, iş yerlərində riskləri minimuma endirmək, işçilərin sağlamlığını qorumaq və ölkədaxili normaları beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdırmaqdır.
Dövlət standartlarının layihələri AZSTAND tərəfindən yaradılmış “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 56) təqdimatları əsasında qəbul olunub. Qəbul edilmiş sənədlər Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

