Çinin aparıcı logistika operatorlarından olan Neptune Logistics Group, Azərbaycanda rəsmi fəaliyyətə başlayıb. Şirkətin Abşeron Logistika Mərkəzində yeni nümayəndəliyinin açılış mərasimi keçirilib.
Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, beynəlxalq logistika şirkətlərinin rəhbərləri və ölkəmizdə çalışan Çin biznes nümayəndələri iştirak ediblər.
Neptune Logistics Group-un Xarici Satış Direktoru Maggie Zhong çıxışında Bakı ofisinin açılmasının Avrasiya logistika şəbəkəsinin genişlənməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı strateji mövqeyi Çin ilə Avrasiya bazarları arasında yükdaşımaların daha səmərəli təşkilinə şərait yaradır. Yeni fəaliyyətə başlayan Trans-Xəzər Əməliyyat Mərkəzi müştərilərə operativ və etibarlı həllər təqdim etməklə yanaşı, regional tərəfdaşlıqların inkişafına və təchizat zəncirinin dayanıqlığına töhfə verəcək.
Qeyd edək ki, Neptune Logistics Group hazırda Çin Dəmir Yolu Ekspresi (CR Express) vasitəsilə Avropa, Rusiya, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya və Qafqaz istiqamətlərində beynəlxalq dəmir yolu yükdaşımalarını həyata keçirir. Şirkət həmçinin multimodal və hava yükdaşımaları, sərhədlərarası elektron ticarət logistikası, anbar, gömrük və təchizat zəncirinin idarə edilməsi üzrə kompleks xidmətlər təklif edir.
Bu addım Azərbaycan-Çin iqtisadi əlaqələrində yeni mərhələnin əsasını qoyur. Ekspertlər nümayəndəliyin açılışının Çin-Avropa nəqliyyat dəhlizi üzrə yükdaşımaların və ticarət dövriyyəsinin artmasına, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində regional logistika əlaqələrinin genişlənməsinə, eləcə də Azərbaycanın beynəlxalq logistika qovşağı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayırlar.





