“Mastercard” şirkəti Yasemin Bedirin Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionunun prezidenti vəzifəsinə təyin edildiyini açıqlayıb.
GDP xəbər verir ki, təyinat 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək. Yasemin Bedir eyni zamanda “Mastercard”ın İdarəetmə Komitəsinə qoşulacaq.
O, bu vəzifədə kommersiya ödənişləri üzrə baş direktor təyin edilən və kommersiya və yeni ödəniş axınları istiqamətinə rəhbərlik edən Dimitrios Dosisi əvəz edəcək.
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərəcək Yasemin Bedir “Mastercard”ın EEMEA regionundakı ümumi strategiyasına, fəaliyyət istiqamətlərinə və biznes nəticələrinə cavabdeh olacaq. O, həmçinin pərakəndə satış şirkətləri, fintexlər, maliyyə institutları, hökumətlər və digər biznes tərəfdaşları ilə əməkdaşlığın inkişafına rəhbərlik edəcək.
Qeyd edək ki, “Mastercard”ın EEMEA regionu son illərdə yeni bazarların əlavə edilməsi ilə genişlənərək hazırda 81 ölkəni əhatə edir.
“Mastercard”ın baş maliyyə direktoru Saçin Mehra bildirib ki, Yasemin Bedir yaradıcı düşüncə, güclü tərəfdaşlıq münasibətləri qurmaq və yüksək nəticələr əldə etmək bacarığı ilə seçilən liderdir. Onun sözlərinə görə, şirkət EEMEA regionunda müştəri və tərəfdaşlarla əməkdaşlığı genişləndirməklə ödəniş və ticarət imkanlarının gələcək inkişafı üçün böyük potensial görür.
Yasemin Bedir son dörd il ərzində “Mastercard”ın Şərqi Avropa üzrə regional prezidenti vəzifəsində çalışıb. Bu müddətdə o, mürəkkəb geosiyasi və tənzimləyici şəraitdə şirkətin regiondakı mövqelərinin gücləndirilməsinə rəhbərlik edib.
Bedir “Mastercard”a 2007-ci ildə qoşulub. O, şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb, o cümlədən Türkiyə və Azərbaycan üzrə baş direktor olub. Daha sonra təxminən beş il ərzində Şimali Amerikada icma institutları və prosessinq şirkətləri ilə münasibətlərə rəhbərlik edib.
Yeni təyinatını şərh edən Yasemin Bedir bildirib ki, EEMEA regionunda son illərdə yaradılmış möhkəm təməl üzərində inkişaf davam etdiriləcək və müştərilərin dəyişən ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetiriləcək.
Bedir “Mastercard”dan əvvəl Türkiyədə HSBC, “Garanti Bank” və “Yapı Kredi”də çalışıb. O, həmçinin Professional Women Network (PWN) şəbəkəsinin təsisçilərindən biridir və kiçik və orta biznesin inkişafına dəstək verən bir sıra layihələrdə rəhbər kimi fəaliyyət göstərib.

