Azərbaycanda sosial media və digər rəqəmsal platformalar üzərindən gəlir əldə edən şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi məqsədilə yeni uçot təsnifatı yaradılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatına görə, uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata “Rəqəmsal platforma təsirçisi” adlı yeni fəaliyyət növü əlavə edilib. Yeni fəaliyyət kodu 6312003-dür.
Bildirilib ki, son illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar vasitəsilə reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar və müxtəlif əməkdaşlıq layihələrindən gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb.
Lakin iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu sahənin ayrıca göstərilməməsi bloger və influenserlərin fəaliyyətinin uçota alınmasını, eləcə də bu istiqamətdə statistik məlumatların formalaşdırılmasını çətinləşdirirdi.
DVX qeyd edib ki, “Rəqəmsal platforma təsirçisi” fəaliyyət növünün təsnifata daxil edilməsi sosial media və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslərin fəaliyyətinin daha dəqiq və şəffaf şəkildə rəsmiləşdirilməsinə imkan verəcək. Bununla yanaşı, həmin şəxslərin iqtisadi fəaliyyəti ayrıca uçota alınacaq və sahə üzrə daha dolğun statistik məlumatların formalaşdırılması mümkün olacaq.
Dövlət Vergi Xidməti bu sahədə çalışan vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməyi və qeydiyyat zamanı 6312003 – “Rəqəmsal platforma təsirçisi” fəaliyyət kodunu seçməyi tövsiyə edib.

