Abşeron Logistika Mərkəzi Çin Xalq Respublikasının aparıcı liman və logistika şirkətlərindən biri olan “Shanghai International Port (Group) Co., Ltd.” (SIPG) nümayəndə heyətini qəbul edib.
GDP xəbər verir ki, görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, Çin və Avropa arasında yük axınlarının şaxələndirilməsi, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.
Görüş zamanı Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, logistika infrastrukturunun təkmilləşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ölkənin qlobal nəqliyyat sistemində rolunu gücləndirdiyi qeyd edilib.
SIPG nümayəndə heyətinə Abşeron Logistika Mərkəzinin fəaliyyəti, dəmir yolu və avtomobil nəqliyyatını birləşdirən multimodal infrastrukturu, terminal imkanları, yükdaşıma və anbar xidmətləri barədə məlumat verilib.
Qonaqlar, həmçinin “Abşeron” Gömrük Postunun fəaliyyəti, Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” QSC ilə inteqrasiya olunmuş “Vahid Pəncərə” sistemi, eləcə də “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin imkanları ilə tanış olublar.
Tərəflər SIPG-nin liman idarəçiliyi və beynəlxalq logistika sahəsində təcrübəsinin Azərbaycan üzərindən keçən yük marşrutlarının inkişafında tətbiqi imkanlarını da nəzərdən keçiriblər.
Bildirilib ki, bu istiqamətdə əməkdaşlıq logistika əməliyyatlarının optimallaşdırılmasına, yük axınlarının artırılmasına və Orta Dəhliz üzrə daşımaların daha səmərəli təşkilinə töhfə verə bilər.
Görüşün sonunda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə konkret logistika layihələrinin reallaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.





