“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yeni mövsümə yenilənmiş təşkilati struktur, beş əsas idarəetmə blokundan ibarət yeni model və yerli, eləcə də beynəlxalq təcrübəyə malik rəhbər heyəti ilə başlayır.
GDP xəbər verir ki, yeni idarəetmə modeli çərçivəsində şirkətin əsas fəaliyyət istiqamətləri beş blok üzrə formalaşdırılıb. Yeni strukturun dəyişən biznes mühitinə daha çevik uyğunlaşmağa, qərarların qəbulunu sürətləndirməyə və ayrı-ayrı funksiyalar arasında əməkdaşlığın effektivliyini artırmağa xidmət edəcəyi bildirilir.
Şirkətin məlumatına görə, Azərbaycanda ilk dəfə tətbiq olunduğu bildirilən bu model əsas fəaliyyət istiqamətlərinin vahid idarəetmə arxitekturasında birləşdirilməsini nəzərdə tutur. İdarəetmə bloklarına bank və maliyyə, investisiya və kapital bazarları, audit və konsaltinq, texnologiya və telekommunikasiya, həmçinin dövlət və iri korporativ qurumlarda təcrübə qazanmış mütəxəssislər rəhbərlik edəcəklər.
“PAŞA Kapital”ın baş icraçı direktoru vəzifəsini maliyyə bazarları, xəzinədarlıq, bank nəzarəti, korporativ və dövlət idarəetməsi sahələrində 25 ildən artıq təcrübəyə malik İsi Mustafayev icra edir. O, daha əvvəl Azərbaycan Mərkəzi Bankında və bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, “PAŞA Kapital”a qoşulmazdan əvvəl isə “Azərpoçt” MMC-nin baş icraçı direktoru olub.
Baş icraçı direktorun müavini Elnur Fətullayevdir. Onun maliyyə, investisiya, audit və aktivlərin idarə olunması sahələrində 15 ildən artıq yerli və beynəlxalq təcrübəyə malik olduğu bildirilir. Fətullayev BP və “Ernst & Young”ın Bakı ofislərində, “Deloitte”un Avstraliya ofisində, FINADCO-da və Azərbaycan İnvestisiya Holdinqində müxtəlif vəzifələrdə çalışıb. O, 2025-ci ilin dekabrında “PAŞA Kapital”ın rəhbər heyətinə qoşulub, 1 iyun 2026-cı ildən isə baş icraçı direktorun müavini kimi fəaliyyətini davam etdirir.
Yeni struktur üzrə Strategiya, Kommersiya və Biznesin İnkişafı blokuna Orxan Salayev rəhbərlik edir. O, strategiya, satış, marketinq, biznesin inkişafı və rəqəmsal transformasiya sahələrində təcrübəyə malikdir. Salayev bundan əvvəl “Rabitəbank”, “Azərbaycan Dəmir Yolları”, “FINCA Azərbaycan” və digər qurumlarda fəaliyyət göstərib.
İnformasiya Texnologiyaları və Rəqəmsal Həllər blokunun rəhbəri Zaur Bağırov təyin olunub. Onun bankçılıq, maliyyə və telekommunikasiya sahələrində 20 ildən artıq idarəçilik təcrübəsi var. Bağırov 2015–2026-cı illərdə “PAŞA Bank”da müxtəlif rəhbər vəzifələrdə çalışıb və son olaraq Biznes İnnovasiyaları istiqamətinə rəhbərlik edib.
Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək blokuna Gülşən Cumayeva rəhbərlik edir. Marketinq, korporativ kommunikasiya, brend idarəçiliyi və müştəri münasibətləri sahələrində 15 ildən artıq təcrübəyə malik Gülşən Cumayeva daha əvvəl “Bank of Baku”, “Rabitəbank” və “FINCA Azerbaijan”da rəhbər vəzifələrdə çalışıb.
Korporativ İdarəetmə, Risk və Komplayens blokunun rəhbəri Orxan Səfərov olub. Hüquq, korporativ idarəetmə və komplayens sahələrində təcrübəyə malik Səfərov bundan əvvəl “Veysəloğlu Şirkətlər Qrupu” və “AzerGold” QSC-də rəhbər vəzifələr tutub. O, həmçinin Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.
Beşinci istiqamət olan Maliyyə, İnvestisiya və Əməliyyatlar blokuna isə Özal Talıblı rəhbərlik edir. O, maliyyə, xəzinədarlıq və investisiyaların idarə olunması sahələrində təcrübəyə malikdir. Talıblı daha əvvəl “Bank of Baku”, “Azərpoçt”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və Azərbaycan Mərkəzi Bankında çalışıb.
Baş icraçı direktor İsi Mustafayev bildirib ki, yeni struktur sadəcə funksiyaların yenidən bölüşdürülməsi deyil, şirkətin növbəti inkişaf mərhələsi üçün daha çevik və effektiv idarəetmə modelinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, müxtəlif istiqamətlər üzrə yerli və beynəlxalq təcrübəyə malik mütəxəssislərin vahid komandada birləşdirilməsi qarşıdakı strateji dövrdə şirkətin əsas üstünlüklərindən biri olacaq.
Yeni struktur “PAŞA Kapital”ın 2026–2029-cu illəri əhatə edən strateji fəaliyyət planının əsas elementlərindən biri kimi təqdim olunur. Strategiyanın əsas hədəfləri müştəriyönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və Azərbaycanın kapital bazarının inkişafına davamlı töhfənin verilməsidir.

