PAŞA Bank OJSC PAŞA Qrupun dəyərlərini real təşəbbüs və nəticələrlə əks etdirən layihələrin qiymətləndirildiyi “Xəmsə” müsabiqəsində iki nominasiya üzrə I yerə layiq görülüb.
GDP xəbər verir ki, bu barədə bankın baş icraçı direktoru Cavid Quliyev sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, PAŞA Bank bu il müsabiqədə ümumilikdə 12 layihə ilə təmsil olunub. Bankın “Girov360” layihəsi “Sahibkarlıq ruhu”, “CRM Virtual Support” layihəsi isə “Keyfiyyət” dəyəri üzrə birinci yerin qalibi seçilib.
“Girov360” girovun qiymətləndirilməsi prosesini daha çevik və məlumat əsaslı etməyə yönəlib. “CRM Virtual Support” isə korporativ müştərilərə göstərilən xidməti vahid platformada birləşdirməklə müştəri təcrübəsinin yaxşılaşdırılmasını hədəfləyir.
Cavid Quliyev bildirib ki, qalib layihələrin hər ikisinin bankın “CustomerFirst” yanaşmasını dəstəkləməsi nəticələri daha da əhəmiyyətli edir. Onun sözlərinə görə, layihələrin yaratdığı dəyər təkcə bankla məhdudlaşmır, PAŞA Qrupa, müştərilərə və ümumilikdə biznes mühitinə qədər uzanır.
Baş icraçı direktor qeyd edib ki, daha sürətli, sadə və effektiv həllərin tətbiqi ölkədə müasir və çevik biznes mühitinin inkişafına töhfə verir. O, əldə olunan nəticələrin PAŞA Bankın “Leadership DNA” yanaşması — təşəbbüs göstərmək, məsuliyyət götürmək, birlikdə nəticə yaratmaq və ideyaları real dəyişikliklərə çevirmək prinsipləri ilə də üst-üstə düşdüyünü vurğulayıb.
Quliyev “Xəmsə” müsabiqəsində PAŞA Bankı təmsil edən bütün komandalara təşəkkür edib və qalib komandaları təbrik edib. O, gələcəkdə müştərilər, biznes və ölkə üçün daha çox dəyər yaradan layihələrin davamını görmək istədiyini bildirib.
Müxtəlif:Aynur Qəniyeva

