AZCON Holding ilə Dünya İqtisadi Forumu (DİF) arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan tərəfdaşlıq sazişi imzalanıb.
GDP xəbər verir ki, AZCON Holding-in baş icraçı direktoru Şahin Babayev işgüzar səfər çərçivəsində Dünya İqtisadi Forumunun prezidenti Alois Zwingginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı nəqliyyat və regional bağlantıların inkişafı, rəqəmsal transformasiya, eləcə də süni intellekt sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tərəflər arasında imzalanan sazişə əsasən, AZCON Holding və Dünya İqtisadi Forumu regional bağlantılar, rəqəmsal transformasiya və süni intellekt istiqamətlərində əməkdaşlığı genişləndirəcək. Tərəfdaşlığın beynəlxalq təcrübə mübadiləsi, qabaqcıl yanaşmaların öyrənilməsi və müvafiq qlobal təşəbbüslərdə iştirak üçün yeni imkanlar yaradacağı bildirilir.
Görüşdə həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən bilik və təcrübə mübadiləsi, beynəlxalq dialoqun gücləndirilməsi və birgə təşəbbüslərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.


