Azərbaycanda “Bank Respublika” və “AccessBank”ın konsolidasiya edilmısi ilə bağlı bankların sayının azalması bank sektorunun zəifləməsi deyil, konsolidasiya və daha güclü maliyyə institutlarının formalaşması kimi qiymətləndirilməlidir.
Bunu GDP-yə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bankların birləşməsi məsələsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bankların sayında azalmanın baş verməsi təbiidir. Lakin bu prosesə yalnız bankların sayının azalması prizmasından yanaşmaq düzgün deyil.
“Say olaraq təbii ki, azalır. Amma bu, bankların hər birimizin arzu etdiyi birləşməsi, bankların daha böyük kapitala sahib olması, daha güclü olması siyasətinin bəlkə də ən uğurlu icra mexanizmlərindən biridir”, – deyə Z.Nuriyev bildirib.
ABA rəhbəri qeyd edib ki, proses nəticəsində bank sektorunun daha optimal və güclü struktura malik olması əsas götürülməlidir.
Onun sözlərinə görə, baş verənlərə bankların azalması kimi deyil, bank sektorunun daha optimal və güclü olması kimi yanaşmaq daha doğru olar.

