İraq hökuməti 2027-ci ilin büdcəsini formalaşdırarkən neftin bir barelinin qiymətini 53–56 dollar diapazonunda nəzərdə tutacaq. Bu barədə İraq parlamentinin Maliyyə Komitəsinin üzvü Camal Kucar məlumat verib.
“Dünya neft bazarında hazırda müşahidə olunan sarsıntılar müvəqqəti xarakter daşıyır, halbuki büdcə bütöv bir il üçün hazırlanır”, – deyə iraqlı deputat bildirib.
GDP xəbər verir ki, onun sözlərini “Baghdad Today” xəbər portalı yayıb.
Kucar əlavə edib ki, “ölkə büdcəsində nəzərdə tutulacaq bir barel neftin qiyməti fövqəladə şərait əsasında deyil, bazarı təhlil edən və gözlənilən qiymət dəyişiklikləri ilə bağlı proqnozlar hazırlayan aidiyyəti qurumlar tərəfindən müəyyən edilir”.
Parlament komitəsinin üzvünün sözlərinə görə, “İraqın gələn ilin büdcəsində neftin bir barelinin qiymətini 53–56 dollar səviyyəsində müəyyən edəcəyi gözlənilir”.
Bununla yanaşı, Kucar bildirib ki, “hökumət beynəlxalq tələbatın qiymətləndirilməsi və satış tendensiyalarını nəzərə alaraq 60–70 dollar diapazonunu da nəzərdən keçirə bilər. Çünki neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalxa və ya 60 dollaradək enə bilər”.

