“Bir ekosistemi”nin baş icraçı direktoru “Kaptal Bakın İdarə Heyətinin sədri Fərid Hüseynov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Money20/20 Middle East” tədbirində Azərbaycanı təmsil edib.
Fərid Hüseynov tədbirlə bağlı paylaşımında bildirib ki, beynəlxalq platformada “Bir ekosistemi”nin təcrübəsini, eləcə də sürətlə rəqəmsallaşan Azərbaycanın potensialını təqdim etmək imkanı əldə edib.
Tədbir çərçivəsində Google, Deutsche Bank və BlackRock kimi qlobal şirkətlərin nümayəndələri ilə bir araya gələn Kapital Bankın rəhbəri Fərid Hüseynov fintech sektorunda baş verən sürətli dəyişikliklər və maliyyə ekosisteminin müxtəlif iştirakçıları arasında qarşılıqlı əlaqələrin güclənməsi barədə fikir mübadiləsi aparıb.
“Bir ekosistemi”nin rəhbəri qeyd edib ki, fəaliyyətə başladıqları zaman əsas məqsədləri maliyyə xidmətlərini insanların gündəlik həyatı üçün daha əlçatan və rahat etmək, müxtəlif xidmətlər arasında daha sıx inteqrasiya yaratmaq olub. Onun sözlərinə görə, Azərbaycanda formalaşdırılan bu yanaşmanın nəticələri artıq daha geniş coğrafiyada paylaşılır.
Fərid Hüseynov vurğulayıb ki, Azərbaycanda yaradılan həllərin qlobal fintech gündəminin inkişaf istiqamətləri ilə üst-üstə düşməsi komanda üçün əsas motivasiya mənbələrindən biridir. Müxtəlif rəqəmsal platformaların vahid ekosistem daxilində birləşdirilməsi yalnız nəzəri model deyil, insanların və bizneslərin real ehtiyaclarına cavab verən praktik yanaşma kimi qiymətləndirilir.
Baş icraçı direktor “Money20/20 Middle East”də iştiraklarını növbəti inkişaf mərhələsi üçün stimul hesab etdiklərini və daha yüksək hədəflər istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirib.
Fərid Hüseynov, həmçinin tədbirin təşkilatçılarına və beynəlxalq fintech mütəxəssislərinə fikir və təcrübə mübadiləsi üçün yaradılan imkanlara görə təşəkkür edib.




