Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit risklərinin idarə edilməsi mexanizminə mühüm dəyişikliklər edilir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.
Yeni tələblər istehlak kreditlərinin distant, o cümlədən mobil tətbiq və digər onlayn kanallar vasitəsilə rəsmiləşdirilməsi zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini nəzərdə tutur.
Vətəndaş onlayn kredit götürülməsini bloklaya biləcək
Qaydalara əsasən, müştəri yazılı müraciət etməklə öz adına distant formada istehlak kreditinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitinin artırılmasına tam məhdudiyyət qoya biləcək.
Bu məhdudiyyət bankın bütün satış və xidmət platformalarında tətbiq edilməlidir.
Müştərinin müəyyən etdiyi blok yalnız onun banka şəxsən müraciəti, gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyasından istifadə etməklə təqdim etdiyi yazılı ərizə əsasında ləğv edilə biləcək.
Kredit Bürosu üzərindən əlavə yoxlama aparılacaq
Kredit təşkilatı ilk növbədə öz daxili sistemləri vasitəsilə borcalanın distant kreditləşməyə məhdudiyyət qoyub-qoymadığını yoxlayacaq.
Bundan sonra həmin məlumat Kredit Bürosunun məlumat bazası vasitəsilə də dəqiqləşdirilməlidir.
Distant kreditləşməyə məhdudiyyət tətbiq etmiş şəxsin adına onlayn formada yeni kreditin rəsmiləşdirilməsi və ya mövcud limitin artırılması mümkün olmayacaq.
Belə şəxsin adından məsafədən kredit müraciəti daxil olarsa, bank müştərini dərhal mobil tətbiq və ya SMS vasitəsilə məlumatlandırmalıdır.
Onlayn kreditlər üçün gözləmə müddəti tətbiq ediləcək
Yeni qaydalarda distant formada rəsmiləşdirilmiş kredit vəsaitinin müştəriyə təqdim edilməsi üçün də gözləmə müddəti müəyyənləşdirilib.
Minimum əməkhaqqının iki mislinədək olan kreditlər üzrə vəsait müqavilənin bağlanmasından və ya müvafiq dəyişiklik edilməsindən ən azı 2 saat sonra müştəriyə verilə biləcək.
Minimum əməkhaqqının iki mislindən yuxarı olan məbləğlər üzrə isə gözləmə müddəti 24 saat təşkil edəcək.
Müştəri bu müddətlər barədə əvvəlcədən məlumatlandırılmalıdır.
Kredit müqavilələrinə yeni bənd əlavə olunacaq
Yeni tələblərə əsasən, istehlak krediti müqavilələrində distant kreditləşmə məhdudiyyətinin pozulması ilə kreditin və ya limit artımının həyata keçirildiyi hallarda borclunun həmin öhdəlikdən azad edilməsini nəzərdə tutan müddəa da əksini tapmalıdır.
Bundan başqa, məsafədən kredit rəsmiləşdirilərkən borcalanın belə bir məhdudiyyətinin olub-olmamasına dair məlumat kredit dosyesinin sənədləri sırasında saxlanılacaq.
Yeni qaydalar yalnız banklara deyil, bank olmayan kredit təşkilatlarına (BOKT) da şamil ediləcək.
Dəyişikliklərin əsas məqsədi distant kreditləşmə zamanı müştərilərin təhlükəsizliyinin artırılması, onların razılığı olmadan kredit rəsmiləşdirilməsi riskinin azaldılması və kredit əməliyyatlarında əlavə nəzarət mexanizmlərinin yaradılmasıdır.

