Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, o cümlədən London Fond Birjasında listinq məsələləri müzakirə edilib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Ümeyra İbrahimovanın Böyük Britaniyanın “TheCityUK” təşkilatının nümayəndə heyəti ilə görüşündə fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan şirkətlərinin London Fond Birjasında listinqi üçün mövcud tənzimləyici və texniki tələblər nəzərdən keçirilib. Həmçinin potensial emitentlərin ikili listinq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, Mərkəzi Bankın “2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində kapital bazarları sahəsində əldə olunan nailiyyətlər və növbəti dövr üçün prioritet istiqamətlər barədə məlumat verilib.

