Norveçin Dövlət Suveren Sərvət Fondu Türkiyənin səhm bazarında yaranan investisiya fondu böhranından zərər çəkdiyini açıqlayıb. Fond ölkədəki investisiya portfelini və əməkdaşlıq etdiyi aktiv idarəçilərinin fəaliyyətini yenidən nəzərdən keçirməyə başlayıb.
GDP xəbər verir ki, Bloomberg-in məlumatına görə, fondun baş icraçı direktorunun müavini Trond Qrande bildirib ki, Türkiyə maliyyə bazarında baş verən hadisələr investorlar üçün ciddi risklər yaradıb. Onun sözlərinə görə, mümkün bazar manipulyasiyalarından zərər çəkən tərəflər arasında Norveçin Dövlət Suveren Sərvət Fondu da var.
Qrande qeyd edib ki, Norges Bank Investment Management (NBIM) bazarda problemlər yarandıqda investisiyalarını yaxından izləyir. Hazırda qurum Türkiyə şirkətlərinin səhmlərinə yatırdığı vəsaitləri və ölkədə fəaliyyət göstərən xarici portfel idarəçilərinin işini qiymətləndirir.
NBIM-in iyunun 30-na olan son məlumatına əsasən, Norveçin Dövlət Suveren Sərvət Fondunun Türkiyənin səhm bazarındakı investisiyalarının ümumi dəyəri 20,4 milyard Norveç kronu və ya təxminən 2,2 milyard ABŞ dolları təşkil edib.
Türkiyədə investisiya fondları ətrafında yaranan böhran səhm bazarında ciddi dalğalanmalara səbəb olub. Məlumata görə, Borsa İstanbulun bütün səhmləri əhatə edən indeksi sentyabr ayından bəri dəyərinin təxminən üçdəbirini itirib.
Türkiyənin prokurorluq orqanları bəzi yerli investisiya fondlarının az tanınan şirkətlərin səhmlərini böyük həcmdə alaraq onların qiymətlərini süni şəkildə bir neçə dəfə artırdığına dair iddialarla bağlı genişmiqyaslı araşdırma aparır.
Bloomberg-in məlumatına görə, Norveçin Dövlət Suveren Sərvət Fondu Türkiyənin tənzimləyici qurumlarının 2025-ci ildə manipulyasiya halları müəyyən etdiyi üç şirkətin səhmlərini həmin qərarlardan sonra da portfelində saxlamağa davam edib.
Bundan əlavə, fondun iyul ayında böhranın mərkəzində olduğu bildirilən Tera Yatırım Menkul Değerler A.Ş. tərəfindən təşkil edilən ilkin kütləvi səhm təklifində (IPO) iştirak etdiyi qeyd olunur.
Fond rəhbərliyi Türkiyədəki investisiyaların qiymətləndirilməsinin nəticələri və mümkün qərarlarla bağlı hələlik ətraflı məlumat açıqlamayıb.

