İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində qüvvədə olan müqavilə üzrə kirayəçi olan şəxslər əsas borcalan qismində ipoteka kreditindən faydalana bilməyəcəklər.
Fondun məlumatına görə, dəyişiklik mənzilə ehtiyacı olan daha çox vətəndaşın ipoteka kreditlərindən yararlanması, proseslərin şəffaflaşdırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı “SİMA İmza”nın üztanıma texnologiyası tətbiq ediləcək. Vətəndaşlar müraciətlərini biometrik identifikasiya vasitəsilə təsdiqləyə biləcəklər. Yeni həll müraciət prosesinə kənar müdaxilə, xüsusi proqram təminatlarından istifadə və digər sui-istifadə hallarının qarşısını almağa xidmət edəcək.
Müraciətlə bağlı təlimat MyGov portalının müvafiq bölməsində yerləşdirilib. Əlavə sualları olan vətəndaşlar Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, indiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Kreditlərdən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.

