İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yeni kredit məhsulu təqdim edib.
GDP xəbər verir ki, “İşğaldan azad edilmiş ərazilər üzrə kredit” məhsulu çərçivəsində sahibkarlara 10 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5%-dək faizlə kreditlər veriləcək.
Sahibkarlar kredit müddətinin yarısınadək əsas borcun ödənilməsinə möhlət ala biləcəklər. Bu imkan layihələrin ilkin mərhələsində maliyyə yükünün azaldılmasına xidmət edir.
Kredit vəsaitləri biznes fəaliyyəti üçün avadanlıq, texnologiya və nəqliyyat vasitələrinin alınmasına yönəldilə bilər. Kredit məbləğinin 50%-dək hissəsinin isə tikinti və təmir xərclərinə sərf olunması mümkündür. Məbləği 500 min manatdan yuxarı olan kreditlər üzrə sahibkarlar layihənin ümumi dəyərinin ən azı 20%-ni öz vəsaitləri hesabına maliyyələşdirməlidirlər.
Əsas maliyyələşdirmə istiqamətlərinə qeyri-neft-qaz sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, logistika və təchizat zənciri infrastrukturu daxildir. Həmçinin balıqçılıq və akvakultura, rəqəmsal inkişaf və İKT, yükdaşıma və saxlama, ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmətlər sahələrində layihələrin dəstəklənməsi nəzərdə tutulur. İstehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər də maliyyələşdirmə istiqamətləri sırasındadır.
Yeni məhsul işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına, iqtisadi fəallığın artırılmasına və yeni biznes subyektlərinin formalaşmasına yönəlib.
Kreditdən yararlanmaq istəyən sahibkarlar Fondun müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər. Kredit məhsulu və müvəkkil kredit təşkilatları barədə ətraflı məlumat ABİF-in rəsmi saytında yerləşdirilib.

