2024-cü il 01 iyul tarixi vəziyyətinə operativ məlumatlara əsasən Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25696,7 milyon manat ekvivalentində və ya ÜDM-in 21,2 % ini təşkil edib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışda məlumat verilib.
Bildilir ki, məcmu dövlət borcunun 35,5 %-i xarici dövlət borcunun, 64,5 faizi daxili dövlət borcunun payına düşür. Beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış müqavilələr əsasında istifadə olunmuş kreditlər və həyata keçirilmiş əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 01 iyul tarixinə operativ məlumatlara əsasən xarici dövlət borcu 5367,5 milyon ABŞ dolları (9124,8 milyon manat) ekvivalentində olmuş və ya ÜDM-in 7,5%-ini təşkil edib.
2024-cü il 1 yanvar tarixinə olan göstərici ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 1093,7 milyon ABŞ dolları (1859,2 milyon manat) və ya 16,9%, ÜDM-ə nisbəti isə 1,4% bəndi azalıb. Operativ məlumatlara əsasən xarici dövlət borcu üzrə imzalanmış müqavilələr çərçivəsində cari ilin ilk altı ayı ərzində 95,9 milyon manat istifadə edilib.