Açıq maliyyə həllərinin tətbiqi KASKO sığortası üzrə hissəli ödənişlərin müştərinin seçdiyi bank hesabından avtomatik həyata keçirilməsinə imkan verəcək.
GDP xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Abas Misgərli X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
O, nümunə olaraq sığorta haqqının altı-yeddi ay ərzində hissəli ödənilməsini göstərib. Bildirib ki, hazırda belə razılaşma əsasında müqavilə bağlayan müştəri hər ay elektron bankçılığa daxil olaraq ödənişi özü həyata keçirir.
Açıq maliyyə imkanları yarandıqdan sonra isə müştəri sığorta şirkətinin mobil tətbiqində bank hesabını seçərək həmin hesabdan hər ay müəyyən məbləğin avtomatik ödənilməsini tənzimləyə biləcək.
A. Misgərli qeyd edib ki, bütün prosesin bir tətbiq üzərindən idarə olunması həm sığorta şirkəti, həm də müştəri üçün rahatlıq yaradacaq.

