ABŞ fond bazarında cümə günü ticarətin əvvəlində əsas indekslər üzrə əsasən mənfi dinamika qeydə alınıb.
GDP xəbər verir ki, investorların diqqəti ölkənin əmək bazarı ilə bağlı açıqlanan statistik göstəricilərə və korporativ xəbərlərə yönəlib.
ABŞ Əmək Nazirliyinin məlumatına görə, avqust ayında kənd təsərrüfatı sektoru istisna olmaqla ölkə iqtisadiyyatında iş yerlərinin sayı 162 min artıb. Analitiklər isə göstəricinin 56 min artacağını proqnozlaşdırırdılar.
Bununla yanaşı, iyul ayı üzrə məşğulluq göstəricisi də yenidən nəzərdən keçirilib. Əvvəl iş yerlərinin sayının 23 min azaldığı açıqlansa da, dəqiqləşdirilmiş məlumatlara əsasən, ötən ay 21 min iş yeri yaradılıb.
Avqustda ABŞ-da işsizlik səviyyəsi gözləntilərə uyğun olaraq 4,1% təşkil edib.
Son göstəricilərə əsasən, Dow Jones indeksi 0,22% azalaraq 53 566,23 bəndə, S&P 500 indeksi isə 0,09% geriləyərək 7 740,55 bəndə düşüb.
Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq indeksi isə 0,01% artaraq 26 585,77 bəndə yüksəlib.

