Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiya şirkəti olan I Squared Capital ilə əməkdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan Inkia Energy şirkətinə investisiya edib.
GDP xəbər verir ki, 2026-cı ilin fevralında Kanadanın pensiya fondu olan Canada Pension Plan Investment Board (CPPIB) “Inkia Energy” şirkətinin 50 faizlik payını əldə edib. Qalan hissə isə ARDNF-nin də iştirak etdiyi və “I Squared Capital” tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə satın alınıb.
Şirkətin ümumi istehsal gücü 2,6 qiqavat təşkil edir və o, Peruda istehsal olunan elektrik enerjisinin təxminən 22 faizini təmin edir. Bundan başqa, “Inkia Energy” 4 qiqavatdan çox bərpa olunan enerji layihələri portfelinə malikdir.
ARDNF bildirir ki, bu investisiya fondun Latın Amerikası regionunda coğrafi diversifikasiya strategiyasının genişləndirilməsinə, eləcə də uzunmüddətli perspektivdə dayanıqlı enerji aktivləri üzrə portfelinin gücləndirilməsinə xidmət edir.

