Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin avqust ayında valyuta bazarında 1,5 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə həyata keçirib.
GDP xəbər verir ki, AMB-dən bildirilib ki, tədiyə balansının cari əməliyyatlar hesabında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib.
Nəticədə, ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və ya 33% artaraq 15,3 milyard ABŞ dollarına çatıb. Bu, tarixi maksimum göstəricidir.
Mərkəzi Bank qeyd edib ki, bazardan alınmış xarici valyutanın tam və ya bir hissəsinin gələcəkdə formalaşacaq tələbdən asılı olaraq valyuta bazarında tarazlığın təmin edilməsi məqsədilə yenidən satışa yönəldilməsi mümkündür.
AMB makroiqtisadi sabitliyin qorunması məqsədilə valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi halda bununla bağlı əlavə məlumat açıqlayacağını bildirib.

