Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus “Azər-Türk Bank” ASC-nin səhmdarı olması Bankın yeni səhmlərini əldə etməklə baş tutacaq.
Məlumata görə, potensial investisiyanın əlavə səhm emissiyası yolu ilə həyata keçirilməsi planlaşdırılır. Beləliklə, Bankın nizamnamə kapitalı artırılacaq.
Xatırladaq ki, müvafiq saziş bu il sentyabrın 25-26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində imzalanıb.
“Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,08 %-i “Zıraat Bank İnternational”a, 6,55 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

