Qırğızıstanın Azərbaycanla yanaşı, bir sıra ölkələrlə də birgə investisiya fondları fəaliyyət göstərir.
GDP xəbər verir ki, Qırğızıstanın Rusiya ilə birgə investisiya fondunun həcmi 500 milyon dollar təşkil edir. Azərbaycanla yaradılmış fondun kapitalı isə 200 milyon dollardır və bu göstəriciyə görə fond Rusiyadan sonra ikinci yerdə qərarlaşıb.
Qırğızıstanın Özbəkistanla birgə investisiya fondunun həcmi hazırda 50 milyon dollardır. Tərəflər gələcəkdə bu məbləği 200 milyon dollara çatdırmağı planlaşdırırlar. Bundan başqa, Qırğızıstanın Birləşmiş Ərəb Əmirlikləri ilə 100 milyon dollarlıq, Macarıstanla isə 50 milyon dollarlıq birgə investisiya fondu mövcuddur.
Birgə fondların yaradılması Qırğızıstana xarici sərmayələrin cəlb edilməsi və müxtəlif iqtisadi layihələrin maliyyələşdirilməsi vasitəsi kimi qiymətləndirilir.
Azərbaycan üçün isə birgə investisiya fondları xarici iqtisadi əlaqələrin genişləndirilməsi və iqtisadi diplomatiyanın gücləndirilməsi baxımından yeni alətlərdən biri hesab olunur.

