Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində Özbəkistan Mərkəzi Bankının təşkil etdiyi nüfuzlu “Pul siyasəti dialoqu – 2026” beynəlxalq forumunda iştirak edir.
GDP xəbər verir ki, forum “Qlobal dəyişkənlik və rəqəmsallaşma dalğası şəraitində pul siyasəti” mövzusuna həsr olunub. Tədbir çərçivəsində maliyyə sektorunun rəqəmsal transformasiyası, süni intellekt və maşın öyrənməsi texnologiyalarının makroiqtisadi təhlil, inflyasiyanın proqnozlaşdırılması, bank nəzarəti və ödəniş infrastrukturunun təkmilləşdirilməsi sahələrində tətbiqi perspektivləri geniş müzakirəyə çıxarılıb.
Çıxış edən natiqlər yeni texnologiyaların tətbiqinin güclü əməliyyat dayanıqlılığı, müasir kibertəhlükəsizlik və səmərəli risk idarəetmə mexanizmləri ilə müşayiət olunmasının vacibliyini xüsusilə vurğulayıblar. Qeyd olunub ki, rəqəmsal həllərin maliyyə sisteminə inteqrasiyası təkcə səmərəliliyi artırmır, həm də yeni çağırışlara qarşı dayanıqlı təhlükəsizlik infrastrukturunun qurulmasını zəruri edir.
Forumun yüksək səviyyəli nümayəndə heyətləri arasında Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankının, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin, eləcə də bir sıra qabaqcıl ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri, həmçinin aparıcı beynəlxalq tədqiqat mərkəzləri və universitetlərin tanınmış ekspertləri iştirak edirlər.

