Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin yanvar-avqust aylarında 3 milyard 833 milyon ABŞ dolları və ya 33,4% artaraq tarixi maksimuma -15 milyard 301 milyon ABŞ dollarına çatıb.
AMB-nin məlumatına görə, təkcə avqust ayında valyuta ehtiyatları 1 milyard 533,4 milyon dollar və ya 11,14% artıb. Bununla da Mərkəzi Bankın ehtiyatları tarixdə ilk dəfə 15 milyard dollar həddini keçib. Əvvəlki yüksək göstəricilərdən biri 2014-cü ilin iyul ayının sonunda qeydə alınmış 15 milyard 191 milyon dollar səviyyəsi idi.
Avqustda qeydə alınan 1 milyard 533,4 milyon dollarlıq artım eyni zamanda AMB-nin valyuta ehtiyatları üzrə indiyədək ən yüksək aylıq artım olub. İlin əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 11,47 milyard dollar təşkil edirdi.
Ehtiyatların artım tempi son aylarda xüsusilə sürətlənib. Belə ki, iyunda valyuta ehtiyatları 445,2 milyon dollar, iyulda 610,3 milyon dollar artdığı halda, avqustda aylıq artım 1,53 milyard dolları ötüb. Bu göstərici iyul ayındakı artımdan təxminən 2,5 dəfə çoxdur.
Mərkəzi Bank ehtiyatların kəskin artımını ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında profisitin davam etməsi və maliyyə sektorunda dedollarlaşma prosesinin güclənməsi fonunda valyuta bazarında təklifin tələbi üstələməsi ilə əlaqələndirib.
AMB bildirir ki, yaranmış şəraitdə 2026-cı ilin avqust ayında valyuta bazarında 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib.
Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin gələcəkdə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən satışa yönəldilməsi istisna edilmir.
“Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq”, — deyə AMB-nin məlumatında bildirilir.

