PAŞA Bank tərəfindən yaşıl iqtisadiyyat istiqamətində həyata keçirilən layihələrə 30 milyon manata yaxın kredit ayrılıb.
GDP xəbər verir ki, bunu PAŞA Bankın İdarə Heyəti sədrinin müşaviri Bəhruz Nağıyev bankın 2026-cı ilin yarımillik maliyyə nəticələrinin təqdimatı zamanı bildirib.
O qeyd edib ki, bank yaşıl maliyyələşməni uzunmüddətli strateji istiqamətlərdən biri hesab edir.
“Biz korporativ bankçılıqda beşillik üfüqdə biznes qururuq. Məqsədimiz Azərbaycan iqtisadiyyatına, əsasən də qeyri-neft sektorunun inkişafına töhfə verməkdir. Başa düşürük ki, bu inkişaf yalnız ənənəvi maliyyələşmə hesabına baş verməyəcək. Yaşıl iqtisadiyyatın əhəmiyyəti böyükdür”, – Bəhruz Nağıyev deyib.
Onun sözlərinə görə, bank yaşıl layihələrin maliyyələşdirilməsi ilə bağlı məlumatların açıqlanmasına və bu istiqamətdə şəffaflığın artırılmasına da diqqət yetirəcək.
PAŞA Bankın maliyyələşdirdiyi istiqamətlər arasında bərpa olunan enerji, elektrik avtobuslarına keçid, kənd təsərrüfatında müasir suvarma həlləri və su qıtlığına daha davamlı məhsulların istehsalı ilə bağlı layihələr yer alır.
Müxtəlif:Aynur Qəniyeva

