Azərbaycanda mərkəzləşdirilmiş antifrod platformasının yaradılması və vətəndaşların “102” xidmətinə müraciətləri üzrə məlumat mübadiləsinin tam avtomatlaşdırılması planlaşdırılır.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinq şöbəsinin rəisi Elvin Cuvarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mərkəzləşdirilmiş antifrod platformasının 2030-cu ilədək tam işlək vəziyyətə gətirilməsi nəzərdə tutulur. Bu məqsədlə müxtəlif ölkələrin təcrübəsi öyrənilir, xarici təşkilatlarla görüşlər və təcrübə mübadiləsi aparılır.
Platforma banklar, ödəniş və elektron pul təşkilatları ilə Mərkəzi Bank arasında məlumat mübadiləsini, qarşılıqlı monitorinqi, risklərin ölçülməsi və qiymətləndirilməsi mexanizmlərini əhatə edəcək. Dələduzluq halları üzrə qurumların birgə tədbirlərinin elektronlaşdırılması da nəzərdə tutulur.
E. Cuvarov bildirib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Mərkəzi Bank və maliyyə təşkilatları arasında fəaliyyət göstərən işçi qrup çərçivəsində məlumat mübadiləsinin təkmilləşdirilməsi üzrə iş aparılır.
Hazırda vətəndaşların “102” xidmətinə müraciətləri barədə məlumatlar Mərkəzi Banka və banklara tam avtomatlaşdırılmamış qaydada ötürülür. İlin sonunadək bu prosesin avtomatlaşdırılması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır.
AMB nümayəndəsinin sözlərinə görə, avtomatlaşdırma məlumatların qruplaşdırılmasını və hesabatların qarşılıqlı yoxlanılmasını asanlaşdıracaq. Mərkəzləşdirilmiş platforma isə məlumatların şəffaflığını və dələduzluğa qarşı birgə mübarizənin effektivliyini artıracaq.

