Azərbaycanın maliyyə sektorunda mərkəzləşdirilmiş kibertəhlükəsizlik sisteminin yaradılması istiqamətində işlərə başlanılıb.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov bildirib.
Onun sözlərinə görə, layihə hazırda təşkilatlanma mərhələsindədir və mərkəzləşdirilmiş xidmətin 2027–2030-cu illəri əhatə edən strategiya çərçivəsində yaradılması nəzərdə tutulur.
“Bu, kifayət qədər uzun prosesdir. Layihə yalnız bir iştirakçıdan asılı deyil. Bank sektoru, ödəniş sistemləri və digər maliyyə təşkilatları da prosesdə iştirak edə bilər. Buna görə hazırda dəqiq tarix demək mümkün deyil. Lakin işlərə artıq başlanılıb və layihənin 2027–2030-cu illər üzrə strategiya çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur”, – deyə E.Cuvarov bildirib.
AMB rəsmisi QR-kod vasitəsilə həyata keçirilən ödənişlər zamanı mümkün dələduzluq risklərinə də toxunub. O bildirib ki, dinamik və statik QR-kodların təhlükəsizlik səviyyələri bir-birindən fərqlənir.
“Dinamik QR-kod POS-terminalda hər bir ödəniş zamanı yenidən formalaşdırılır. Buna görə də burada risk minimaldır. Statik QR-kod isə sabit olur və, məsələn, satıcının qarşısında stiker şəklində yerləşdirilə bilər. Belə QR-kodun dəyişdirilməsi və ya başqa məqsədlə istifadəsi riski mövcuddur. Azərbaycanda hazırda statik QR-kod tətbiq edilmir”, – deyə E.Cuvarov vurğulayıb.
O qeyd edib ki, statik QR-kodların gələcəkdə tətbiqi biznes subyektlərinin yanaşmasından və bazarın tələbatından asılı olacaq.
Müəllif:Aynur Qəniyeva

