Kapital Bank beynəlxalq maliyyə bazarlarından ümumi məbləği 105 milyon ABŞ dolları ekvivalentində olan ikinci sindikatlaşdırılmış kredit cəlb edib.
GDP xəbər verir ki, bu barədə “Bir” ekosisteminin baş icraçı direktoru Fərid Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Mashreq Bank ilə strateji tərəfdaşlıq çərçivəsində yeni kredit sazişi Bakıda imzalanıb. Sənəd daha əvvəl Dubayda imzalanmış ilk razılaşmanın davamıdır.
Maliyyələşmə 80 milyon ABŞ dolları və 42,5 milyon manat olmaqla xarici və yerli valyutada cəlb edilib.
Fərid Hüseynov bildirib ki, bu saziş beynəlxalq maliyyə institutlarının Kapital Bankın maliyyə dayanıqlılığına və inkişaf perspektivlərinə, eləcə də Azərbaycanın iqtisadi potensialına və makroiqtisadi sabitliyinə etimadını əks etdirir.
Cəlb olunan vəsaitlərin rəqəmsal həllərin genişləndirilməsinə, real sektorun və innovativ layihələrin dəstəklənməsinə, həmçinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafına yönəldilməsi nəzərdə tutulur.




