İcbari Sığorta Bürosu (İSB) Koreya Respublikasının Seul şəhərində keçirilən Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XIII Beynəlxalq Konfransında və İllik Ümumi Yığıncağında təşkilatın yeni üzvü kimi təqdim olunub.
GDP xəbər verir ki, tədbirdə Büronun icraçı direktoru Vüsal Məsiyev və icraçı direktorun müavini Seymur Mirzəyev iştirak ediblər.
Koreya Əmanətlərin Sığortalanması Korporasiyasının (KDIC) ev sahibliyi etdiyi tədbirə müxtəlif ölkələrin sığorta zəmanəti və sığortalıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumlarının nümayəndələri, eləcə də maliyyə və sığorta sektorunun ekspertləri qatılıblar.
Vüsal Məsiyev çıxışında Azərbaycanın icbari sığorta sistemi, bu sahədə aparılan institusional islahatlar və rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. O, həmçinin sığorta təminatı mexanizmlərinin təkmilləşdirilməsi üzrə ölkəmizin təcrübəsini bölüşüb.
Konfransda mürəkkəb risklərin idarə olunması, böhranlara cavab tədbirlərinin gücləndirilməsi və sığortalıların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib. İştirakçılar sığortaçıların maliyyə dayanıqlılığı və beynəlxalq təcrübənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
IFIGS-ə üzvlük Büroya müxtəlif ölkələrin sığorta zəmanət mexanizmlərini öyrənmək, beynəlxalq ekspert müzakirələrində iştirak etmək və üzv qurumlarla birbaşa əməkdaşlığı genişləndirmək imkanı yaradır. Əməkdaşlıq çərçivəsində sığortalıların və zərərçəkmiş üçüncü şəxslərin hüquqlarının müdafiəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi də nəzərdə tutulur.





