Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, onun yerinə Osman İsmayıl oğlu Xaliyev təyin olunub.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də iki sərəncam imzalayıb.
Sərəncamlara əsasən, Fəxri Kazımov tutduğu vəzifədən azad edilib, Osman Xaliyev isə Fondun İdarə Heyətinin sədri təyin olunub.
Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi kibernetika üzrə bakalavr, İdarəetmənin informasiya texnologiyası üzrə magistr təhsili alıb. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA proqramında təhsil alıb.
Xaliyev əmək fəaliyyətinə 2010-cu ildə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis kimi başlayıb. 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis, 2014-2015-ci illərdə isə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.
2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
O.Xaliyev 2020-ci ilin noyabrında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci il iyunun 1-dən isə sədr müavini təyin edilib. 2022-ci il noyabrın 15-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri olub.
Beləliklə, Xaliyev SİF-in rəhbəri vəzifəsindən sonra İpoteka və Kredit Zəmanət Fonduna rəhbərlik edəcək.

