Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin bir sıra əməliyyat, texniki və təşkilati funksiyalarının mərhələli şəkildə özəl sektora ötürülməsi nəzərdə tutulur.
Bu məsələ İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclasında müzakirə olunub.
İclasda Koordinasiya Qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri yeni mexanizmlə bağlı təkliflərini səsləndirib, nəzərdə tutulan yanaşmaya dair fikir mübadiləsi aparıblar.
Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, bu sahədə xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması, eləcə də innovativ yanaşmaların tətbiqi mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, yeni mexanizmin sahibkarlığın inkişafına cavabdeh dövlət qurumlarının iştirakı ilə birgə formalaşdırılması yekun sənədin daha əhatəli hazırlanmasına imkan verəcək.
Yeni yanaşmaya əsasən, sahibkarlıq sahəsində dövlət siyasətinin müəyyən edilməsi və xidmətlərin nəticələrinə nəzarət dövlətin səlahiyyətində qalacaq. Bununla yanaşı, biznes subyektlərinə göstərilən xidmətlərlə bağlı əməliyyat, texniki və təşkilati funksiyaların mərhələli şəkildə özəl sektor subyektlərinə ötürülməsi nəzərdə tutulur.
Mexanizm hazırlanarkən xidmətlərin fasiləsizliyi və keyfiyyəti, sosial əlçatanlığın qorunması, məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin maraqlar toqquşmasının qarşısının alınması əsas məsələlər sırasında olacaq.
Sözügedən mexanizmlərin hazırlanması Azərbaycan Prezidentinin 24 fevral 2026-cı il tarixli Fərmanı ilə tapşırılıb.



KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu Nazirlər Kabinetinin 13 yanvar 2024-cü il tarixli qərarı ilə yaradılıb. Qrupda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.


