Türk dövlətlərinin qlobal maliyyə sistemində imkanlarını genişləndirmək üçün ortaq İnkişaf Bankının yaradılması təklif olunur.
Bunu AK Parti sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, Ankara millət vəkili Kürşad Zorlu bildirib.
O qeyd edib ki, Türk İnvestisiya Fondu mühüm əhəmiyyət daşıyır, lakin maliyyə sahəsində daha geniş imkanların yaradılması üçün növbəti addımlar atılmalıdır.
“İnvestisiya Fondu çox vacibdir. Ancaq məncə, dünyada maliyyə sektorunda söz sahibi olmağımızı təmin edə biləcək digər mühüm layihə ortaq İnkişaf Bankının yaradılmasıdır”, – K.Zorlu deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında Türkiyə tərəfi bununla bağlı müvafiq qurumlarla birgə layihə hazırlayıb.
K.Zorlu bildirib ki, layihə digər Türk dövlətlərinin aidiyyəti qurumlarına təqdim olunub və Türk Dövlətləri Təşkilatının Baş Katibliyinə də təqdim ediləcək.
O vurğulayıb ki, belə bir maliyyə mexanizmi xüsusilə Orta Dəhliz üzrə layihələrin reallaşdırılması zamanı biznesə yeni kredit və dəstək imkanlarının yaradılmasına xidmət edə bilər.

