Türk dünyasında yaradılması təklif edilən ortaq İnkişaf Bankının ilkin kapitalının ən azı 1 milyard dollar olması nəzərdə tutulur.
Bunu Bakıda jurnalistlərin suallarını cavablandıran AK Parti sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr İdarəsinin rəhbəri, Ankara millət vəkili Kürşad Zorlu bildirib.
Onun sözlərinə görə, Türkiyə hazırda Türk dünyası üçün ortaq İnkişaf Bankının yaradılması ilə bağlı layihə üzərində işləyir.
“Biz Türkiyə olaraq hazırladığımız layihədə başlanğıc üçün ən azı 1 milyard dollarlıq öz kapitalı üzərində işləyirik. Təbii ki, layihə formalaşdıqca bu rəqəm dəyişə bilər”, – Kürşad Zorlu deyib.
O bildirib ki, söhbət Türk dövlətlərinin birgə yaratmasının nəzərdə tutulduğu bankdan gedir. Layihə hazırda hazırlıq mərhələsindədir və müvafiq komissiyalarda irəliləyiş əldə olunacağı təqdirdə məsələ dövlət başçıları səviyyəsinə çıxarıla bilər.
Zorlunun sözlərinə görə, Türkiyə təklif üzərində hazırlıqları başa çatdırdıqdan sonra onu digər Türk dövlətlərinin müzakirəsinə təqdim etməyi planlaşdırır. Bankın yaradılması ilə bağlı yekun qərarın isə dövlət başçıları tərəfindən verilməsi nəzərdə tutulur.
Bankın kapitalında iştirak paylarının necə bölüşdürüləcəyinə toxunan Zorlu qeyd edib ki, bunun müxtəlif variantları mövcuddur. Payların ölkələrin əhalisinin sayına və ya milli gəlirlərinə uyğun müəyyənləşdirilməsi mümkün modellər sırasındadır.
O, həmçinin bankın yalnız dövlətlərin iştirakı ilə məhdudlaşmaya biləcəyini bildirib. Zorlunun sözlərinə görə, dünyada tanınmış və özünü təsdiqləmiş maliyyə qurumları, eləcə də Türk İnvestisiya Fondu gələcəkdə banka tərəfdaş ola bilər.
Kürşad Zorlu hesab edir ki, ortaq İnkişaf Bankının yaradılması Türk dövlətləri arasında milli valyutalarla ticarətin genişləndirilməsi və inteqrasiya olunmuş ödəniş mexanizmlərinin formalaşdırılması üçün də zəmin yarada bilər.
“Belə bir ortaq bank yarada bilsək, milli valyutalarımızın coğrafiyamızda daha güclü şəkildə dövriyyəsini birlikdə təmin edə biləcəyik”, – o vurğulayıb.

